Ankara’da “Azərbaycan Türkçəsi Dil Öğretim Ocağı” fəaliyyətə başladı!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycanın Türkiyədəki Səfirliyi yanında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Gazi Universitetinin birgə əməkdaşlığı ilə Ankarada yeni bir mədəni və təhsil layihəsi həyata keçirildi – “Azərbaycan Türkçəsi Dil Öğretim Ocağı” yaradıldı!

30 may 2025-ci il tarixində keçirilən açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirinin müavini Səadət Yusifova, Gazi Universitetinin rektoru Prof. Uğur Ünal, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları və Mədəniyyət Mərkəzinin rəhbərliyi iştirak ediblər.

Sərgi və kursların rəsmi açılışında dil ocağının müəllimi Şəhla İbişova layihənin əsas məqsədləri, tədris prosesi və istifadə olunacaq resurslar barədə məlumat verib. Bildirilib ki, bütün tədris materialları Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin olunacaq.

Gazi Universitetinin rektoru Prof. Uğur Ünal çıxışında Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq münasibətlərinə diqqət çəkərək bildirib:

“Ankarada belə bir ocağın qurulması önəmlidir. Azərbaycan dilinin tədrisi Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır.”

Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə vurğulayıb ki, bu təşəbbüs iki qardaş xalq arasında mədəni bağların daha da möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov bildirib ki, bu dil ocağı türk xalqına Azərbaycan mədəniyyətini və tarixini daha yaxından tanımaq imkanı yaradacaq. Həmçinin Gazi Universitetində Azərbaycanla bağlı kitab fonduna malik xüsusi kitabxana da qurulub və bu mənbədən bütün tələbələr yararlana biləcək.

Kurslar yalnız Gazi Universitetinin tələbələri üçün deyil, digər universitetlərin tələbələri və Azərbaycan Türkçəsinə marağı olan hər kəs üçün açıq və ödənişsiz olacaq. Tədris prosesində müasir informasiya texnologiyalarından istifadə ediləcək, vizual və interaktiv metodlar, film nümayişləri, diskussiyalar, eləcə də Azərbaycanın tanınmış ziyalıları ilə görüşlər təşkil olunacaq.

Gələcəkdə bu təşəbbüsün digər universitetlərdə də genişləndirilməsi və Azərbaycan Türkçəsinin ali təhsil proqramlarına daxil edilməsi istiqamətində addımlar atılacaq.

Bu layihə Azərbaycan-Türkiyə qardaşlığının təhsildə, dildə və mədəniyyətdə bir daha təsdiqi və yeni nəsillər üçün dəyərli bir körpüdür.