Xalq rəssamı Əzim Əzimzadənin 145 illik yubileyi qeyd olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Əzim Əzimzadənin Mənzil Muzeyində Azərbaycanın Xalq rəssamı, karikatura sənətinin banisi Əzim Əzimzadənin anadan olmasının 145 illiyi və muzeyin yaranmasının 60-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Xalq rəssamları, “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin Mədəniyyət Klubunun solistləri, Şuşa Humanitar Musiqi Kollecinin tələbələri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər Əzim Əzimzadənin Azərbaycan təsviri sənətində yeni bir cığır açdığını, onun özünəməxsus dəsti-xətti ilə sənət tarixində silinməz iz qoyduğunu vurğulayıblar.

Tədbirin bədii hissəsində musiqi və incəsənət nümunələri təqdim olunub. Sonda isə Baş İdarə tərəfindən muzeyin 60 illik yubileyi münasibətilə Əzim Əzimzadənin Mənzil Muzeyi fəxri fərmanla təltif olunub.