Bakı, 24 fevral 2025-ci il tarixində – Bakı Gənclər Mərkəzi, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi və “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə tanınmış türk jurnalist, müharibə müxbiri Fulya Öztürk ilə “Qəlbimiz də, haqq səsimiz də bir!” mövzusunda geniş auditoriyalı görüş keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra açılış nitqləri ilə Bakı Gənclər Mərkəzinin direktoru-Nərgiz Babayeva, “Qeyd-Sosial Maarifləndirmə” İB-nin Baş katibi-Aysel Tahirova, “EMEDIA GROUP” Media təşkilatının sədri-Elşən Əliyev, millət vəkilləri Vüqar İskəndərov və Müşfiq Məmmədli, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında medianın rolunu və Fulya Öztürkün bu sahədəki fədakar fəaliyyətini vurğulayıblar.
Tədbirin ən təsirli məqamlarından biri Fulya Öztürk haqqında hazırlanmış xüsusi videoçarxın nümayişi olub. Daha sonra tanınmış aparıcı Günay Firudinqızı Fulya Öztürk ilə media və Qarabağ həqiqətləri mövzusunda geniş müzakirələr aparıb. Jurnalist müharibə dövründə yaşadığı təəssüratları bölüşərək, informasiya savaşında medianın gücünü və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Gəncə terroru ilə bağlı xüsusi video nümayiş olundu və bu mövzu ətrafında geniş müzakirələr aparılıb. İştirakçılar Fulya xanıma suallar ünvanlayaraq onun peşəkar təcrübəsindən faydalanıblar.
Görüş çərçivəsində “Qeyd-Sosial Maarifləndirmə” İB-nin Baş katibi Aysel Tahirova Fulya Öztürkə Fəxri Mükafat təqdim edib, eyni zamanda türkiyəli media nümayəndəsi Halil Kahramana Fəxri Diplom verilib. Daha sonra Rəssamlıq Akademiyasının müəllimi, DOST İnklüziv və Yaradıcılıq Mərkəzinin baş təlimçisi, fəlsəfə elmləri doktoru, rəssam Aysel Əmirovanın kəlağayı üzərində yaratdığı “Simurq quşu” əsəri Fulya Öztürkə hədiyyə edilib.
Daha sonra Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva tərəfindən Fulya Öztürkə Fəxri Fərman təqdim olundu.






















