İçərişəhərdə Milli Xalça Festivalının açılışı keçirildi.

4 may 2024-cü il tarixdə İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub. Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxış ediblər.

Açılışdan sonra qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix və “Heydər Əliyev 100” xalça sərgilərini ziyarət ediblər. Həmçinin, xalçaçıların nümayiş etdirdiyi xalça emalı prosesinin müxtəlif mərhələlərini maraqla izlədikdən sonra, İçərişəhərdəki gül xalçası da daxil olmaqla, digər sərgi məkanları ilə tanış olublar.

Bu gün və sabah davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlər keçirilir. Bura qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Fesivalda həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi Milli Xalça Festivalında öz stendləri ilə təmsil olunurlar.

Qeyd edək ki, Milli Xalça Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.