Abşeron rayonunda “Heydər Əliyev-Unudulmaz Lider” adlı foto xalça sərgisi təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı və “Qeyd- Sosial Maarifləndirmə” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev-Unudulmaz lider” adlı foto xalça sərgisinin təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan foto xalça sərgisində YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, rayon İcra Hakimiyyəti Başçısı Abdin Fərzəliyev, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov, Şəhid ailələri, YAP Abşeron rayon təşkilatının əməkdaşları, rayon ictimayyətinin nümayəndələri və YAP Abşeron rayon təşkilatının fəal gəncləri iştirak edib.

Sərgi iştirakçıları tərəfindən Mərkəzin foyesində dahi şəxsiyyət ümumilli lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalarla baxış keçirilib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev “Heydər Əliyev-Unudulmaz lider” adlı foto xalça sərgisinin təşkilini yüksək qiymətləndirərək qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Bundan əlavə 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli anti terror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu. Şübhəsiz, bütün bunların fövqündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!

Çıxış edən rayon İcra Hakimiyyəti Başçısı vurğulayıb ki, ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, ümummilli lider Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu öndər Heydər Əliyev həyatı boyu hansı məqamda, hansı vəzifədə olmağından asılı olmayaraq yalnız ürəyi Azərbaycanla döyünüb. Ümummilli lider Heydər Əliyevin siyasi irsi əsl dövlət idarəçiliyi məktəbinə çevrilib və bu gün biz bundan faydalanırıq. Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində göstərdiyi inam və etimad ünvanı onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının daha da genişlənməsini şərtləndirdi. Belə ki, ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı ölkə rəhbəri cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Azərbaycanın bugünkü və gələcək uğurlarının təməli oldu. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərlərimizlə azadlığa qovuşdu.

“Qeyd – Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov çıxış edərək bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etməsinin məhz Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Həmçinin İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də Ümummilli Liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsi olduğunu bildirib.

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova bildirib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan əldə etdiyi tarixi Zəfərlərlə yeni zirvələr fəth edir.